17 noyabr 2009-cu ildə 9 noyabr tarixi Milli Bayraq günü və bayram günü kimi elan edildi və 1 sentyabr 2010-cu ildə Dövlət Bayrağı meydanının rəsmi açılışı oldu. Dövlət bayrağı meydanında yerləşən Azərbaycan bayrağının uzunluğu 70 m, eni 35 m-dir və 350 kq çəkisi var.

9 noyabr minlərlə insan üçrəngli Azərbaycan bayrağının dalğalanacağı mərasimdə iştirak etmək üçün bayraq meydanına toplaşır. Hər il olduğu kimi bu il də Dövlət bayrağı günü yüksək səviyyədə qeyd olundu.

 

Flag2

 

9 noyabr Bakı həm də açıq səma altında avtomobil muzeyinə çevrilmişdi. Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil etdi. Bu yürüşdə əvvəlcədən qeydiyyatdan keçməklə hər kəs iştirak edə bilərdi. Yeganə şərt 1980-ci ilədək istehsal olunmuş avtomobilə sahib olmaq idi. Bu paradda iştirak edən avtomobillər 1980-ci ildən öncə istehsal edilmiş avtomobillərdir. Paradda iştirak edən ən qədim avtomobil isə 1949-cu il istehalı olunmuşdur.

 

 

Paradda 70-dən artıq klassik avtomobil iştirak edib. Klassik avtomobil yürüşündə “Mersedes”, “Rolls-Roys”, “Mustanq”, “Kraysler”, eləcə də “Pobeda”, “Zaporojets”, “Moskviç”, QAZ, ZİL və ZİM kimi avtomobillər iştirak etdi. Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin binası önündən hərəkət edərək, Bakı şəhərinin küçələrindən keçib və Bayraq Meydanında öz yürüşlərini  yekunlaşdırdılar.

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını , qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.